Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər qarşılıqlı hörmət və maraqlar əsasında genişlənməkdədir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Aİ ilə əməkdaşlığın inkişafı Antonio Koştanın martın 11-də Azərbaycana səfəri zamanı bir daha öz təsdiqini tapıb.
Deputat xatırladıb ki, Azərbaycan 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2004-cü ildən Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildən isə "Şərq Tərəfdaşlığı" proqramına qoşulub. Hazırda Aİ ölkələrinin üçdəbirindən çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq bəyannamələri mövcuddur.
V.Rəhimzadə bildirib ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı qismində çıxış edir və hazırda Avropanın on ölkəsinə qaz ixrac edir: "Bu, ölkənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir".
Deputat əlavə edib ki, Prezident İlham Əliyev ilə Aİ Şurasının Prezidenti A.Koşta arasında keçirilən görüşlərdə enerji, təhlükəsizlik, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub:
"Görüşlərdə Orta Dəhlizin inkişafı, TRIPP layihəsi və Bakı-Naxçıvan dəmir yolu xəttinin bərpası kimi regional nəqliyyat təşəbbüslərinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, rəqəmsal transformasiya, süni intellekt və məlumat mərkəzlərinin yaradılması sahələrində əməkdaşlıq perspektivləri də müzakirə olunub".
O xatırladıb ki, 2022-ci ilin iyulunda Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və bu sənəd Avropaya qaz tədarükünün artırılmasına, həmçinin yeni enerji layihələrinin həyata keçirilməsinə imkan yaradıb.
Deputatın sözlərinə görə, Azərbaycan həm də bərpaolunan enerji sahəsində geniş potensiala malikdir: "Ölkə yaxın illərdə 6-8 giqavat gücündə bərpaolunan enerji istehsal edərək ixrac etməyi planlaşdırır. Bu məqsədlə Avropadakı tərəfdaşları ilə yeni ötürmə xətləri və enerji infrastrukturu üzərində iş aparılır".
V.Rəhimzadə əlavə edib ki, Azərbaycan ilə Aİ arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafı Orta Dəhlizin genişlənməsi və regionda sabitliyin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır:
"Koşta mətbuata bəyanatında Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyini səbirsizliklə gözlədiyini bildirib".
Deputat onu da qeyd edib ki, tərəflər enerji, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni mexanizmlər üzərində işləyirlər.

