Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) üçün ən böyük potensial Dövlət-Özəl Tərəfdaşlığı (PPP) çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdə, ilk növbədə, nəqliyyat, "yaşıl enerji", kommunal xidmətlər, su təchizatı və logistika kimi infrastruktur sektorlarında cəmləşib.
Bunu "Report"a müsahibəsində QDTİB-nin prezidenti Serhat Köksal bildirib.
Onun sözlərinə görə, hazırda bank Azərbaycanın bərpa olunan enerji sektorunda bir sıra imkanları qiymətləndirir.
"Ümid edirik ki, bu ilkin müzakirələr yaxın illərdə güclü yerli tərəfdaşlarla layihələrin maliyyələşdirilməsinə gətiib çıxaracaq", - S.Köksal vurğulayıb.
O qeyd edib ki, inkişaf bankı olaraq QDTİB infrastruktur layihələrinə üstünlük verir və buna görə də liman infrastrukturu, dəmir yolları, logistika mərkəzləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası sahələri bank üçün önəmlidir.
"İnanırıq ki, İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış Dövlət-Özəl Tərəfdaşlığı Departamenti tərəfindən hazırlanan PPP layihələri bizə infrastrukturun inkişafında daha fəal iştirak etməyə imkan verəcək. Bu baxımdan artıq çox müsbət irəliləyişlər müşahidə olunur. Belə layihələrin həyata keçirilməsi güclü dövlət dəstəyi olmadan qeyri-mümkündür. Bu kontekstdə PPP çərçivəsində bir sıra prioritet infrastruktur layihələrinin təşviqində Azərbaycan hökumətinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndiririk", - S.Köksal söyləyib.
O vurğulayıb ki, QDTİB bu dəstəyin müsbət təsirinin yaxın illərdə daha da nəzərə çarpacağına və mütləq Azərbaycandakı portfelində öz əksini tapacağına inanır.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.