IMG-LOGO

Vüqar Əzimov: "Əsas heyət oynasaydı, AVRO-2027-nin seçmə mərhələsində nəticələr tam fərqli olardı"

18 Mar 2026 15:47 7 baxış
IMG

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsində keçirdiyi oyunlarda əsas heyət olmadığı üçün zəif nəticə göstərib.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov deyib.

Federasiya rəsmisi hazırda millinin heyətində gəncləşdirmə siyasəti aparıldığını söyləyib:

"Əsas oyunçularımız Tailandda Çempionlar Kuboku yarışında olduqlarına görə onlardan faydalana bilmədik. Hazırda gənclərdən ibarət komandamız oynayır, orta yaş həddi 17-dir. Heyətdə 15 yaşında qızlar da var, ən böyüyü 19 yaşındadır. Bu, gələcəyə nikbin baxmaq üçün inanılmaz bir addımdır. Bəzi oyunlarda böyük fərqlə uduzsaq da, son Ukrayna ilə matçda fərq çox az oldu. Komandanın bünövrəsi indi qoyulur və yaxşı nəticələr üçün bir qədər vaxt lazımdır".

O, ardıcıl məğlubiyyətlərin psixoloji təsirinə toxunub:

"Dina Ulyanova, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzer kimi əsas oyunçularımız heyətə qatılsaydı, nəticə çox fərqli olardı. Lakin qızlarla daim iş aparılır, nikbinliyi itirmirik. Qazanmaq üçün məğlub olmaq lazımdır. Seçmə mərhələyə qatılan digər Avropa komandaları ilə müqayisədə bizim heyət həqiqətən çox gəncdir. Bu təcrübə yayda keçiriləcək Avropa çempionatlarında onlara daha rahat və yüksək nəticə göstərməyə kömək edəcək. Qitə birinciliyində U-18 və U-20 yaş kateqoriyasında iştirak edəcəyik".

V.Əzimov aşağı yaş qrupları üzrə yığmaların potensialını və 3x3 basketbolu üzrə hədəfləri qeyd edib:

"U-18 komandamızın bu il Rumıniyadakı turnirdə A divizionuna yüksələcəyinə, U-20-nin isə "səkkizliy"ə düşəcəyinə ümidimiz çoxdur. Tarixdə ilk dəfə U-18-lərlə B divizionunda 12-ci olmuşduq, bu il daha yüksək nəticə istəyirik. Digər tərəfdən, 3x3 qadın komandamız dünya liderlərindən biridir. ABŞ-yə qalib gəlməyimiz dünyada böyük rezonans doğurdu. Los-Anceles Yay Olimpiya Oyunlarına düşmək üçün maydan uzun marafona başlayırıq. FIBA qaydaları dəyişib, indi reytinq üçün 2026-2027-ci illərin nəticələri nəzərə alınacaq. Əsas heyətin Tailanda getməsi olimpiadaya vəsiqə qazanmaq məqsədi daşıyırdı. Bu, bizim üçün strateji əhəmiyyətli yarış idi".

Qeyd edək ki, AVRO-2027-nin seçmə mərhələsində keçirdiyi oyunlarda yığma Ukrayna (55:73, 34:98), Bolqarıstan (48:141, 40:120) və Monteneqroya (62:104, 35:94) uduzub.

Xəbər lenti