Növbəti onilliklər ərzində Polşa energetikanın inkişafına 1 trilyon zlotı (təxminən 270 milyard dollar) investisiya yatıracaq.
"Report" xəbər verir ki, bu barədə Polşa KİV Baş nazir Donald Tuskun bəyanatına istinadən məlumat yayıb.
Bu vəsaitin 220 milyarddan çoxunun (təxminən 60 milyard dollar) bərpa olunan enerji mənbələrinə və enerji anbarlarına, 234 milyardın (təxminən 63 milyard dollar) elektrik enerjisinin çatdırılmasına, 160 milyardın (təxminən 43 milyard dollar) isə atom energetikasına yönəldilməsi planlaşdırılır.
"Avropada bu sahədə bu cür intensiv işləyən başqa bir ölkə yoxdur. Qdansk yaxınlığında biz ABŞ və Kanada tərəfdaşlarının, Polşa şirkətlərinin səylərinin ortaq bəhrəsi olacaq atom elektrik stansiyası tikirik", – Tusk qeyd edib.
Onun sözlərinə görə, Ukraynada və Yaxın Şərqdəki müharibələr energetika, təchizat və s. sahələrin milli təhlükəsizlik üçün nə dərəcədə vacib olduğunu göstərir.
Bundan əlavə, o bildirib ki, bir qrup ölkə ilə birgə sənaye üçün karbon qazı emissiyalarına dair pulsuz kvotaların uzadılması barədə Avropa Komissiyasına məktub göndərib.