Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
"Report" Komitəyə istinadən xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunda Türkiyədən gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10 449 konvalyut, 1 269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.