İştirakçı dövlətlərin milli valyutalarında, xüsusilə Azərbaycan manatı ilə istiqrazların emissiyası strateji olaraq gündəmdə qalır və Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) fəaliyyətinin təbii genişlənməsi kimi qiymətləndirilir.
Bunu "Report"a müsahibəsində QDTİB-nin prezidenti Serhat Köksal bildirib.
Onun sözlərinə görə, QDTİB 2026-cı ildə və gələcəkdə bazar maliyyələşdirməsini davam etdirmək və genişləndirmək niyyətindədir: "Ötən ay 350 milyon ABŞ dolları dəyərində etalon (bençmark) istiqrazların emissiyası ilə beynəlxalq kapital bazarına uğurla qayıdışımız və qlobal miqyasda şaxələndirilmiş investor bazasından 2 milyard ABŞ dollarından çox sifariş cəlb etməyimiz QDTİB-nin uzunmüddətli maliyyələşdirmə strategiyasına uyğun olaraq seçilmiş kapital bazarında daimi iştirakını bərpa etmək niyyətindən xəbər verir. Gələcəkdə bank bazar aktivliyini dəyişən maliyyələşdirmə ehtiyaclarına uyğunlaşdıraraq, müxtəlif valyutalarda, formatlarda, ödəmə müddətlərində balanslaşdırılmış və şaxələndirilmiş maliyyələşdirmə strukturunu qorumağı hədəfləyir".
S.Köksal qeyd edib ki, QDİTB həmçinin manatla yeni kredit xətlərinin ayrılması imkanını da nəzərdən keçirir: "Faktiki olaraq QDTİB Azərbaycanın maliyyə bazarında iştirakının dərinləşdirilməsi üzərində fəal şəkildə işləyir. Bura həm mövcud tərəfdaş banklarla təkrar əməliyyatlar, həm də yeni tərəfdaşlarla əlaqələrin qurulması və ya bərpası daxildir".
O vurğulayıb ki, QDİTB bir sıra banklar vasitəsilə ticarətin maliyyələşdirilməsi və KOB-ların kreditləşdirilməsini dəstəkləmək üçün yeni imkanları nəzərdən keçirir: "Kredit xətlərinin bir hissəsi yerli valyutada təqdim edilib və bu proses gələcəkdə də davam edəcək, son illərdə onların payı artmaqdadır. Ümid edirik ki, yerli valyutaya çıxışımızı genişləndirməklə ölkədəki bank və şirkətlərə valyuta riski olmadan resurslar təklif etməyə davam edə biləcəyik".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.