Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton dizel yanacağı istehsal edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 16,2 % azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 824,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 18,4 % azalıb.
Ötən iki ay ərzində Azərbaycanda 9,8 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin ilk iki ayı ilə müqayisədə 70,4 % azdır.
Ötən ay ərzində Azərbaycanda 233,6 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,8 % azdır.
Hesabat dövründə 5,2 min ton sürtkü yağları, 24,8 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 16,1 %, neft bitumunun istehsalı isə 15,9 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 31,3 min ton maye qazlar, 94,6 min ton ağ neft, 41,6 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 9,8 % artıb, ağ neftin istehsalı 21,1 %, maye qazların istehsalı isə 21,4 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.