Çadda Sudan ərazisindən gələn pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı 16 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən Çadın "Alwihda" informasiya resursu məlumat yayıb.
Hücum Çadın Sudanla sərhəddə yerləşən sərhədyanı Tine şəhərində həyata keçirilib. Sudan tərəfindən gələn pilotsuz aparat mədrəsə binasının yanında dəfn mərasimi iştirakçılarının üzərinə partlayıcı qurğu atıb.
"Al Jazeera" müxbirinin məlumatına görə, Tine şəhərindəki xəstəxanaya 66 yaralı daxil olub, müstəqil mənbə isə 18-dən çox insanın həlak olduğunu bildirib.
Qeyd edək ki, Çad hökuməti Sudan silahlı qruplaşmalarının öz ərazisinə keçməsinin qarşısını almaq üçün fevralın 23-də Sudanla sərhədi bağlayıb. Bu addım Sudan ordusu ilə "Çevik Reaksiya Qüvvələri" (ÇRQ) hərəkatı arasında Çadla sərhəd yaxınlığındakı Sudanın Şimali və Qərbi Darfur ştatlarında döyüş əməliyyatlarının şiddətlənməsi fonunda atılıb.