Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır.
Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperaturu adətən 30-40 dərəcə arasında olur.
Bu vərdiş heç bir xüsusi hazırlıq tələb etmir və qısa vaxt aparsa da, faydalı hesab olunur. Çində insanlar yalnız səhər deyil, gün ərzində də daha çox ilıq su içməyə üstünlük verirlər. Onların fikrincə, ilıq su orqanizm tərəfindən soyuq sudan daha yaxşı qəbul olunur.
Bu vərdişi dəstəkləyənlər bildirirlər ki, səhər bir stəkan su içmək:
Gecə ərzində itirilən maye balansını bərpa edir, orqanizmi səhər yeməyinə hazırlayır, günün ilk dəqiqələrindən enerji və gümrahlıq hissi yaradır.
Mütəxəssislər qeyd edir ki, gecə yuxusundan sonra bədəndə həqiqətən yüngül maye çatışmazlığı yarana bilər.
Bu vərdişi gündəlik həyata tətbiq etmək isə çox asandır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içmək, onu yavaş-yavaş qurtumlarla qəbul etmək və təxminən 10-15 dəqiqə sonra səhər yeməyinə başlamaq tövsiyə olunur.
Suyun dadını daha xoş etmək üçün ona bir neçə damcı limon suyu əlavə etmək də mümkündür.
Çin vərdiş