Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Ziqh Federasiyası "Sərhədlərdən kənarda: Hindistan tərəfindən ziqh diasporasına qarşı transmilli repressiyalar" adlı hesabat hazırlayıb.
"Report" xəbər verir ki, hesabatda Hindistan hökumətinin Ziqhlərə qarşı həyata keçirdiyi repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan Ziqh fəallarının, diaspor təşkilatlarının rəhbərlərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən hücumlara və terror təhdidlərinə məruz qalması faktları qeyd edilir.
Təşkil edilmiş hücumların yaratdığı ciddi risklər, transmilli təzyiqlər və təhdidlər sənəddə qeyd olunur.
Hesabat eyni zamanda bu cür təzyiq və təhdidlərin diaspora icmalarının təhlükəsizliyinə və onların ictimai-siyasi fəaliyyətinə göstərə biləcəyi təsirləri də təhlil edir.
Sənəddə qeyd olunur ki, bu kimi halların baş verməsi xaricdə yaşayan Ziqh fəallarının öz siyasi mövqelərini sərbəst şəkildə ifadə etməsi və beynəlxalq platformalarda fəaliyyət göstərməsi imkanlarını məhdudlaşdırır. Bildirilir ki, bu cür hadisələr diaspora üzvlərində qorxu və qeyri-müəyyənlik mühitinin yaranmasına gətirib çıxaran amillərdən biridir. Bu isə öz növbəsində ictimai təşkilatlanma və siyasi fəallığın zəifləməsinə səbəb olur.
Hindistan hökumətinin Ziqhlərə qarşı səsləndirdiyi ittihamlar, əsassız və qanunsuz qəbul edilmiş məhkəmə qərarları, eləcə də parlament dinləmələri, jurnalist araşdırmaları və müxtəlif hüquqi proseslər öz əksini tapmışdır.
Hesabatda Hindistan hökuməti ilə əlaqəli olduğu bildirilən aktorların bu ölkədən kənarda fəaliyyət göstərərək müstəqil Xalistan dövləti ideyasını müdafiə edən bütün Ziqh fəallarını və siyasi qaçqınları hədəfə almağa yönəlmiş fəaliyyətləri təhlil edilir.
Hesabatın mühüm hissəsi Hindistan hökumətinin mütəşəkkil cinayət qruplardan istifadə etməklə törədilən qətllər və bu kimi əməliyyatların konkret nümunələrinə həsr olunub. Kanada bu sözügedən insan hüquqları pozuntularının ən geniş şəkildə qeydə alındığı ölkələrdən biri kimi təqdim olunur. Kanada təhlükəsizlik orqanları Hindistan hökuməti tərəfindən bir sıra Ziqh fəallarına qarşı real təhlükə olduğu barədə rəsmi şəkildə xəbərdarlıq etdiklərini açıqlamışdır. Bu kontekstdə ən diqqət çəkən hadisə 2023-cü ildə Ziqh fəalı Hardeep Singh Nijjarın qətlə yetirilməsi olmuşdur. Kanada hökuməti və təhlükəsizlik qurumları bu qətlin arxasında Hindistan dövlət strukturları ilə əlaqəli şəxslərin dayanması ehtimalı ilə bağlı ciddi narahatlıq ifadə etmişdir. Kanada hüquq-mühafizə orqanlarına istinadən qeyd olunur ki, Hindistan diplomatları və onlarla əlaqəli şəxslər Ziqh fəallar haqqında məlumat toplayaraq kriminal qruplara ötürür.
Sənəddə eyni zamanda qeyd olunur ki, ABŞ-da da oxşar hadisələr qeydə alınıb. Fiqh hüquq müdafiəçisi Gurpatwant Singh Pannuna qarşı planlaşdırılmış sui-qəsd cəhdindən bəhs edilir. ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi ittiham sənədlərinə görə, bu plan Hindistan kəşfiyyat strukturları ilə əlaqəli şəxslər tərəfindən koordinasiya edilib. İstintaq materiallarında qeyd olunur ki, bu plan çərçivəsində vasitəçilərdən istifadə edilərək qətl sifarişi verilməsi və bu əməliyyatın xaricdə həyata keçirilməsi nəzərdə tutulub. Bu faktlar transmilli repressiyanın yalnız təhdid və siyasi təzyiq səviyyəsində qalmadığını, eyni zamanda real fiziki zorakılıq planları ilə müşayiət olunduğunu göstərir.
Böyük Britaniyada isə Ziqh fəallarına qarşı müxtəlif təzyiq üsullarının tətbiq edildiyi qeyd olunur. Hesabatda xaricdə yaşayan Ziqh fəallarının Hindistandakı ailə üzvlərinə qarşı müxtəlif təzyiqlərin göstərilməsi, hüquqi mexanizmlərin siyasi məqsədlərlə istifadə olunması və diaspora üzvlərinin izlənməsi kimi hallara diqqət çəkilir. Bununla yanaşı, Ziqh fəalı Avtar Singh Khandanın şübhəli ölümünün tam araşdırılması tələb olunur.
Avropa ölkələrində də Hindistan kəşfiyyat strukturlarının fəaliyyətləri ilə bağlı faktlar ortaya çıxıb. Almaniyada aparılan məhkəmə araşdırmaları nəticəsində Hindistan kəşfiyyat xidmətləri üçün məlumat toplayan bir neçə şəxsin ifşa edilməsi transmilli repressiya şəbəkəsinin Avropaya qədər uzandığını göstərir. Almaniya məhkəmələri Ziqh və digər siyasi fəallar haqqında məlumat toplayaraq Hindistan kəşfiyyatına ötürən şəxsləri məhkum etmişdir. Bu hadisələr Hindistanın müxtəlif ölkələrdə casus şəbəkələri qurmaq və diaspora fəaliyyətlərini nəzarətdə saxlamaq üçün sistemli fəaliyyət göstərdiyini sübut edir.
Hesabat həmçinin Hindistanın transmilli repressiya siyasətinin beynəlxalq hüquqa təsirlərini geniş şəkildə təhlil edir. Bu fəaliyyətlər bir sıra fundamental hüquqların pozulmasına səbəb olur. Bu hüquqlar arasında yaşamaq hüququ, şəxsi təhlükəsizlik hüququ, ifadə azadlığı, sərbəst toplaşma hüququ, ədalətli məhkəmə hüququ və s göstərmək olar. Hesabatda vurğulanır ki, bu hüquqlar BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı da daxil olmaqla bir sıra beynəlxalq hüquqi sənədlərlə qorunur və dövlətlərin bu hüquqları təmin etmək öhdəliyi var. Hindistanın fəaliyyətləri isə bu öhdəliklərlə ziddiyyət təşkil edir və beynəlxalq hüquqi məsuliyyət məsələsini gündəmə gətirir.
Hesabatı Hindistan hökuməti öz sərhədlərindən kənarda şiddətli və təzyiq xarakterli gizli əməliyyatlar həyata keçirən açıq icraçılarından biri kimi çıxış edir və hökuməti tənqid edən, müstəqil Xalistan ideyasını müdafiə edən Ziqh fəallarını hədəfə alır. Son illərdə xarici ölkələrdə yerli siyasətə və ictimai müzakirələrə təsir göstərmək məqsədilə həyata keçirilən gizli siyasi müdaxilələrlə yanaşı, mühacirlərin siyasi fəaliyyətinin qarşısını almaq üçün Ziqh xalqına qarşı geniş spektrli transmilli repressiyalar həyata keçirilib.
Hindistanın artan geosiyasi gücü və siyasi dissidentlərə qarşı davam edən hücumları etnik azlıqlar və beynəlxalq nizam üçün ciddi təhlükə yaratdığını göstərir. Beynəlxalq ictimaiyyət Hindistan hökumətinin beynəlxalq insan hüquqları üzrə öhdəliklərini pozmasını qəti şəkildə pisləməli və cavabdehlərin məsuliyyətə cəlb edilməsini tələb etməlidir. Əks halda etnik icmalara qarşı zorakı hücumların artması riski böyükdür.
Hesabatda qeyd olunur ki, Hindistan hökumətinin dünya üzrə Ziqh icmasına qarşı sərt hədəfə almasını dünya ictimaiyyətinə göstərməkdir. Hesabat xüsusilə Kanada, ABŞ, Böyük Britaniya və Almaniya kimi ölkələrdə həyata keçirilmiş şiddətli və ya təzyiq xarakterli gizli əməliyyatlara diqqət yetirir. Baxmayaraq ki, oxşar hallar Avstraliya, Belçika, İtaliya, Pakistan, Portuqaliya və digər ölkələrdə də sənədlərlə sübut olunub.
Hindistan hökumətinin müxtəlif ölkələrdə həyata keçirdiyi düşmən xarakterli fəaliyyətlər onun qlobal güc olmaq iddiası fonunda artan aqressivliyini göstərməklə kifayətlənmir, hətta beynəlxalq hüququ açıq şəkildə pozmaq və bununla da hüququn aliliyini və beynəlxalq nizamı zəiflətmək istəyini nümayiş etdirir. Hindistan hökumətinin siyasi dissidentlərə qarşı həyata keçirdiyi transmilli kampaniya mütəşəkkil cinayətkar qruplardan istifadə etməklə törədilən qətlləri də əhatə edir.
Bununla yanaşı, viza və konsulluq xidmətlərindən sui-istifadə, Hindistan hökumətini tənqid edənlərin izlənilməsi və qorxudulması, eləcə də Ziqh dissidentlərini "ekstremist" kimi təqdim edilərək cinayətkar kimi qələmə verilməsi. Bununla onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərindən sui-istifadə edilməsinə cəhd göstərilir. Yekun qiymətləndirməyə görə, Hindistanın transmilli repressiya siyasəti yalnız Ziqh icması üçün deyil, həm də beynəlxalq hüquq sistemi və dövlətlərarası münasibətlər üçün ciddi risklər yaradır.
Bir dövlətin başqa ölkələrin ərazisində yaşayan siyasi fəallara qarşı zorakılıq və təqib əməliyyatları həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və insan hüquqlarının qorunması prinsiplərini sarsıdır. Bu səbəbdən hesabat beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin müvafiq mexanizmlərini və dövlətləri transmilli repressiya halları ilə bağlı daha ciddi və koordinasiyalı tədbirlər görməyə çağırır.
Hesabatın sonunda beynəlxalq səviyyədə müstəqil araşdırmaların aparılması, günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi və insan hüquqlarının qorunmasına yönəlmiş siyasi iradənin gücləndirilməsi kimi tövsiyələr təqdim olunur.





