Azərbaycanda dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir.
Əvvəlki qaydalara əsasən dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsindən əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində məbləği əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Beləliklə indiyə qədər dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq, əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq. Belə ki, əməkhaqqı daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olacaq, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaranacaq.
Məsələni "Report"a şərh edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvü, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov yeni modelin əməkhaqqı sistemində optimal strukturu təmin edəcəyini bildirir: "Dövlət qulluğunda əməkhaqqı sisteminin effektivliyinin artırılması ilə bağlı müvafiq qərarlar dövlət qulluğu sistemində müvafiq yanaşmaların, qərarların hazırlanması, qəbul edilməsi və tətbiq edilməsi nöqteyi-nəzərindən effektivliyi xeyli dərəcədə artırmış olacaq".
E. Məmmədov hesab edir ki, dövlət qulluğunda mükafat sisteminin ləğvi ilə maaş disproporsiyalarının aradan qaldırılması ilə bağlı olan çağırışlar faktiki olaraq adekvat şəkildə cavablandırılacaq: "Dövlət qulluqçularının əməkhaqqları ilə bağlı stabillik, proqnozlaşdırmanın mümkünlüyü motivasiya nöqteyi-nəzərindən çox vacibdir. Yeniliklərin buna imkan yaradacağına inanıram".
Əmək bazarında bir sıra istiqamətlər üzrə özəl sektorun yüksək əməkhaqqı təklif etdiyini xatırladan ekspert, dövlət qulluğunda daha çox peşəkarın, gənc mütəxəssisin iştirakına müvafiq stimul və motivasiya verilməsinin vacibliyini vurğulayıb: "Fikrimcə yeni yanaşma bunun üçün imkanlar açacaq. Bu da olduqca müsbət məqam kimi dəyərləndirilməlidir".