IMG-LOGO

Hacı Əliyev: "Çempion olmaq və Azərbaycan bayrağını yüksəklərə qaldırmaq gözəl hisslərdir"

19 Mar 2026 15:40 3 baxış
IMG

Yarışlarda çempion olmaq, Azərbaycan bayrağını yüksəklərə qaldırmaq gözəl hisslərdir.

"Report" xəbər verir ki, bunu güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev deyib.

O, Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə öz təcrübəsini bölüşüb:

"Sözsüz ki çempion olmaq, ölkədə tanınmaq gözəl hisdir. Azərbaycanda idmana diqqət və qayğı var. Hər kəsə tövsiyə edirəm ki, idmana qoşulsunlar. Pis vərdişlərdən uzaq olsunlar. Çempionluq, bayraq qaldırmaq və himn səsləndirmək gözəl hissdir".

O, təşkilatçılara minnətdarlığını bildirib:

​"Təşkilatçılara təşəkkür edirəm ki, yeniyetmələr və gənclərə bizimlə görüşmək imkanı yaradıblar. Düşünürəm ki, bu qısa müddət ərzində onlara dediyimiz hər hansı bir söz faydalı olacaq. Burada çoxlu gənc idmançı gördüm, inşallah, gələcəyin çempionları olsunlar. Biz də çalışırıq ki, təkcə belə məkanlarda yox, həm də məktəblərdə, universitetlərdə tələbələrlə görüşək, onlara keçdiyimiz yolu bir uğur tarixçəsi olaraq danışaq ki, daha böyük nailiyyətlər qazansınlar."

H.Əliyev gələcək fəaliyyəti ilə bağlı da danışıb:

​"Hazırda federasiyada koordinatoram, lakin ola bilsin ki, bu yaxınlarda fəaliyyətimlə bağlı müəyyən dəyişikliklər olsun. İnşallah, çox az qalıb, tezliklə bu barədə xəbər olacaq. Sözsüz ki, hər kəs özünü öz işinin zirvəsində görmək istəyir. Harada çalışmağım önəmli deyil, əsas odur ki, hər zaman xalqıma, millətimə faydalı olmağa çalışıram. Öz təcrübəmi komanda yoldaşlarıma və gənc güləşçilərimizə ötürmək üçün əlimdən gələni edəcəyəm".

Xəbər lenti