IMG-LOGO

Serbiya hökuməti neft məhsullarının ixracına qadağanın müddətini uzadıb

19 Mar 2026 15:25 3 baxış
IMG

Serbiya hökuməti neftin və mühərriklər üçün yanacaq kimi istifadə olunan bütün neft məhsullarının ixracına qoyulan qadağanın 2026-cı il aprelin 2-dək uzadılması barədə qərar qəbul edib.

"Report"un Balkan bürosu xəbər verir ki, qadağa dizel, benzin və xam neftin bütün nəqliyyat növləri ilə ixracına şamil olunur.

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cededoviç Handanoviç bildirib ki, bu qərar dünya bazarında neft qiymətlərinin davam edən artımından vətəndaşları və iqtisadiyyatı qorumaq məqsədilə verilib:

"Bazarın qorunması üçün əlavə tədbir kimi ehtiyatlardan 40 min ton dizelin buraxılmasına da qərar verdik və bu, yaxın günlərdə həyata keçiriləcək".

D. C. Handanoviç qeyd edib ki, görülən bütün tədbirlərin Yaxın Şərqdəki münaqişə və son həftələrdə neftin qiymətinin 40% artması nəticəsində qlobal bazarda yaranan pozuntular fonunda daxili bazarı neft məhsullarının çatışmazlığından və qiymət artımından qorumağa xidmət edir.

Xatırladaq ki, martın 9-da Serbiya hökuməti neftin və mühərriklər üçün yanacaq kimi istifadə olunan bütün neft məhsullarının ixracını 10 gün müddətinə qadağan etmək barədə qərar qəbul etmişdi.

Xəbər lenti