IMG-LOGO

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

19 Mar 2026 15:20 3 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə dərhal gərginliyin azaldılmasına və mülki infrastruktura zərbələr endirilməsinə moratorium tətbiq etməyə çağırıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Makron Brüsseldə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının sammitinin başlamasından əvvəl bildirib.

Makronun sözlərinə görə, Fars körfəzi ölkələrində qaz və neft hasilatı obyektləri də daxil olmaqla, enerji infrastrukturuna son hücumlar qlobal bazarlar üçün risklər daşıyır.

"Bu eskalasiya düşüncəsizlikdir", - o qeyd edərək, enerji və su infrastrukturu da daxil olmaqla mülki obyektlərə hücumların dayandırılmasının vacibliyini vurğulayıb.

Fransa lideri vəziyyəti Qətər əmiri Təmim bin Həməd Əl-Tani, habelə onun sözlərinə görə, zərbələrin dayandırılmasına tərəfdar çıxan ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini bildirib.

Makron vəziyyətin artıq qlobal enerji bazarlarına güclü təsir göstərdiyini qeyd edərək, Fransanın təcili deeskalasiya və danışıqlara qayıdışın tərəfdarı olduğunu deyib.

Onun sözlərinə görə, istehsal güclərinin daha da dağıdılması, xüsusilə Hörmüz boğazının qlobal tədarüklərdəki əsas rolu nəzərə alınmaqla, dünya neft və qaz qiymətləri üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Fransa həmçinin gərginliyi azaltmaq yollarından biri kimi ABŞ və İran arasında birbaşa dialoqun bərpa olunmasında israr edir.

Xəbər lenti