Yevlaxda "Karvan-Yevlax"a qarşı futbol oynamaq mürəkkəbdir.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXV turunda "Karvan-Yevlax"a qarşı keçirdikləri səfər matçından sonra mətbuat konfransında deyib.
O, komandasının 1:0 hesablı qələbəsini şərh edib:
"Bizim üçün kifayət qədər çətin qarşılaşma oldu. Komandamın nümayiş etdirdiyi əzmkarlıq və intizam məni qane etdi. Bu gün qalib gəlməsəydik belə, yenə eyni fikirləri səsləndirərdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamağın nə qədər mürəkkəb olduğunu bir daha hiss etdik. Rəqib son turlarda oyununu xeyli inkişaf etdirib. Çoxlu qol imkanları yaratdıq, amma bu qədər şansı dəyərləndirə bilməyəndə qələbə qazanmaq çətinləşir. Bir ara oyunun heç-heçə bitəcəyini düşündüm. Lakin futbolçular sona qədər inamlarını itirmədilər, mübarizəni davam etdirdilər və nəticədə çox önəmli 3 xal qazandıq".