2025-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 179 milyon 515 min ABŞ dolları birbaşa investisiya qoyub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 9,4 %-dən 7,1 %-ə düşüb.
İl ərzində Gürcüstan isə Azərbaycan iqtisadiyyatına 91 milyon 258 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,5 %-dən 1,4 %-ə qalxıb.
Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.