Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən alovun ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
22:42
Sumqayıt şəhərində Novruz tonqalına normadan artıq yandırıcı maddənin tökülməsi partlayışa səbəb olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Birləşmiş məhəlləsi ərazisində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
TƏBİB-dən "Report"a bildirilib ki, hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.