İranın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna zərbələrin təxirə salınması və danışıqlar barədə bəyanatları ilə sadəcə vaxt qazanmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran XİN-ə istinadən məlumat yayıb.
"İran XİN-dən bildirilib ki, Tehran və Vaşinqton arasında heç bir danışıqlar aparılmır. ABŞ Prezidentinin bəyanatları enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq və onun hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri çərçivəsində verilir", - məlumatda qeyd edilib.
İran XİN, həmçinin region ölkələrinin gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərinə işarə edib.
"Bəli, region ölkələri tərəfindən gərginliyin azaldılması üzrə təşəbbüslər mövcuddur və bizim onların hamısına cavabımız aydındır: biz bu müharibəni başladan tərəf deyilik və bütün bu cür müraciətlər Vaşinqtona yönəldilməlidir", - xarici siyasət idarəsindən qeyd edilib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ və İranın son iki gün ərzində "Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli nizamlanmasına dair çox yaxşı və məhsuldar danışıqlar" apardığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, bunun nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.