IMG-LOGO

Erlan Akkenjenov ABŞ-yə Xəzərin karbohidrogen tədarükü potensialından istifadə olunmasını təklif edib

24 Mar 2026 23:33 2 baxış
IMG

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov karbohidrogenlərin beynəlxalq bazarlara çatdırılması üçün Xəzər dənizinin nəqliyyat potensialından maksimum istifadə etmək üçün Amerika investorları ilə işləməyə hazır olduğunu bildirib.

"Report"un xəbərinə görə, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

Açıqlama Hyustonda keçirilən "CERAWeek" beynəlxalq konfransı çərçivəsində Akkenjenovla ABŞ-nin energetika naziri Kristofer Rayt arasında keçirilən ikitərəfli görüşdə səsləndirilib.

Tərəflər qlobal enerji təhlükəsizliyinin təmin olunması, alternativ ixrac dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı neft və qaz sektorunda 32 illik tərəfdaşlığın strateji xarakteri vurğulanıb. Qazaxıstanın enerji sektoruna ABŞ-nin ümumi investisiyası 60 milyard dolları keçib. Tengiz, Karaçaqanak və Kaşağan kimi iri layihələrin həyata keçirilməsində əsas tərəfdaşlar "ExxonMobil" və "Chevron" şirkətləridir. Bu yataqlar ölkənin neft hasilatının təxminən 70 %-ni təşkil edir.

Xüsusi diqqət logistikaya və fasiləsiz enerji təchizatının təmin edilməsinə yönəldilib. Qlobal neft tədarükünün təxminən 2 %-ni təşkil edən Xəzər Boru Kəməri Konsorsiumunun əsas ixrac marşrutu kimi rolu vurğulanıb. Həmçinin onun sanksiyalardan azad statusunun qorunmasının vacibliyi qeyd edilib.

Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan neft kəməri sistemindən istifadə edərək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı müzakirə olunub. Bu marşrut üzrə daşıma həcmlərinin ildə 2,1 milyon tona qədər artacağı gözlənilir.

Qazaxıstanın energetika naziri sənayenin inkişafı üçün sabit şərait yaratmaq və texnoloji tərəfdaşlıqları dərinləşdirmək öhdəliyini bir daha təsdiqləyib.

Xəbər lenti