Kosmosun sonsuz qara boşluq kimi görünməsi qəribədir, halbuki Günəş istənilən proyektordan daha parlaq işıq saçır. Astronavtların çəkdiyi şəkillərdə kosmik gəmilər parlaq görünür, fon isə tamamilə qapqaradır, sanki bütün kainatda işıq söndürülüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər məsələnin işığın olmaması olduğu qənaətinə gəliblər. İşıq var və kifayət qədər çoxdur, amma onu görmək üçün bir şərt lazımdır. İşığın əks olunacağı bir səth olmalıdır.
Kosmosda isə işığı səpələyə biləcək hissəciklər demək olar ki, yoxdur. Buna görə də işıq şüaları sadəcə keçib gedir və bizə tanış olan “parıltı” yaranmır.
Yer üzündə hava nəhəng bir səpələyici kimi işləyir. Günəş şüalarını hər istiqamətə yayır və buna görə səma mavi görünür.
Kosmosda isə hava yoxdur. İşıq düz xətt üzrə hərəkət edir və əgər o, gözə və ya hansısa obyektə düşmürsə, sadəcə görünmür.
Bu səbəbdən Günəş işığı altında olan astronavt parlaq görünür, amma onun yanında tam qaranlıq hökm sürür. Bu kontrast o qədər güclüdür ki, kameralar belə bəzən bunu düzgün çəkə bilmir.
Alimlər bunu təmiz havada fənərin şüası ilə müqayisə edirlər. Şüanın özü görünmür, yalnız divara və ya toz hissəciklərinə düşəndə görünür.
Ulduzlar da işıq saçır, lakin onların işığı Günəşin parlaqlığı fonunda çox zəif qalır. Göz və kamera bunu seçə bilmir.
Əgər insan kosmosda kölgədə olsa, daha çox ulduz görə bilər. Amma işıqlı səthin yaxınlığında onlar “yoxa çıxır”. Kosmos qaranlıqdır, çünki orada işıq yoxdur deyə yox, işığı göstərən mühit yoxdur. Bu da kosmos şəkillərinin niyə bu qədər qeyri-real göründüyünü izah edir. Beynimiz atmosferə öyrəşib, vakuuma yox.
Kosmosda Günəş isə gözqamaşdırıcı disk kimi görünür. Onun işığı o qədər güclüdür ki, xüsusi filtrsiz ona baxmaq mümkün deyil.
kosmos niyə qaranlıqdır