IMG-LOGO

Kazuto Matsumoto Ağdamda gördükləri ilə bağlı təəssüratlarını bölüşüb

26 Mar 2026 13:42 4 baxış
IMG

"Qafqazın Xirosiması" kimi tanınan Ağdam şəhəri əcnəbilərdə güclü emosional təəssürat yaradır.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu "NomadMania" klubunun təsisçisi və rəhbəri Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahlarla birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən yaponiyalı səyyah Kazuto Matsumoto bildirib.

"Bu, mənim Azərbaycana üçüncü səfərimdir, lakin Qarabağa ilk dəfə gələ bildim. Burada olduğum üçün çox şadam", - o qeyd edib.

Dağıntıların miqyasına görə tez-tez Xirosima ilə müqayisə edilən Ağdamla bağlı təəssüratlarından danışan Matsumoto vurğulayıb ki, gördükləri onda dərin hisslər oyadır:

"Mən Yaponiyadanam və əlbəttə ki, belə yerlər xüsusilə həssas qəbul edilir. Dağıntıların (şəhərin işğalı dövründə ermənilər tərəfindən törədilmiş - red.) nəticələrini görmək mənim üçün çox kədərlidir. Lakin ümid edirəm ki, artıq sülh qorunacaq və bu cür hadisələr bir daha təkrarlanmayacaq".

O, regionda davamlı sülhə ümid etdiyini bildirib və sabitliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyah qrupudur.

Xəbər lenti