Qarabağdakı bərpa templəri və tikinti miqyası son illər ərzində regionun simasını nəzərəçarpacaq dərəcədə dəyişib.
"Report" xəbər verir ki, bu barədə "NomadMania" klubunun təsisçisi və rəhbəri Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahlar qrupunun tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən ukraynalı səyyah Konstantin Leorik bildirib.
"Bu, mənim Qarabağa ikinci səfərimdir - ilk dəfə burada dörd il əvvəl olmuşdum. O vaxt bura faktiki olaraq ruhlar şəhəri idi (Ağdam - red.): işlər yenicə başlayırdı, ərazilər təmizlənirdi. İndi isə mən artıq tam hazır məhəllələr görürəm", - o qeyd edib.
K.Leorik vurğulayıb ki, müharibənin fəsadlarını emosiyalarsız qəbul etmək qeyri-mümkündür:
"Müharibənin gətirdiyi dağıntıları görmək acıdır. Mənim ölkəmdə də müharibə gedir və mən bunu insani səviyyədə anlayıram. Burada kimlərinsə evləri var idi, insanların adi, xoşbəxt həyatı var idi. Ən vacibi insan həyatıdır, qalan hər şey ikinci növbədədir".
Səyyah əlavə edib ki, hələ məktəb illərindən Qarabağa haqqında məlumatlı idi:
"Xatırlayıram ki, bura çiçəklənən bir diyar, bağ-şəhər idi. Hətta məktəbdə Azərbaycanla bağlı layihə hazırlamışdım, şəhərləri, o cümlədən Ağdamı öyrənmişdim. Buna görə də bu gün dağıntıları görmək xüsusilə ağırdır".
K.Leorik əlavə edib ki, regiona yenidən səfər etməkdən və onun sonrakı bərpasını görməkdən məmnun olacaq.
Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi ilə beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyah qrupudur.