IMG-LOGO

EBRD: Neftin yüksək qiymətləri ixracatçıların, o cümlədən də Azərbaycanın mövqelərini gücləndirir

26 Mar 2026 14:49 5 baxış
IMG

Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazının bağlanması fonunda neftin qiyməti bir barel üçün 180 ABŞ dollarına çata bilər.

"Report" xəbər verir ki, bu qiymətləndirmə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) regional icmalında yer alıb.

"Yaxın Şərqdəki münaqişə enerji daşıyıcıları və gübrələrin qiymətinin artması, həmçinin ticarət və turizm axınlarının pozulması və maliyyələşdirmə şərtlərinin sərtləşməsi vasitəsilə EBRD-nin əməliyyatlar həyata keçirdiyi regionlara təsir göstərib. Avropada təbii qazın qiyməti martın 20-nə qədər iki dəfədən çox artıb, çünki Qətərdə mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı dayandırılıb və istehsal obyektlərinə ciddi ziyan dəyib. Bağlanmış Hörmüz boğazı səbəbindən qlobal istehsalın təxminən 14 %-nin bazardan çıxarıla biləcəyi üçün neftin qiyməti 100 ABŞ dollarını ötüb", - EBRD qeyd edib.

Bankın qiymətləndirməsinə görə, hazırda neftin qiyməti 2011–2014-cü illərin səviyyəsindən və daha əvvəlki tarixi piklərdən əhəmiyyətli dərəcədə aşağı qalır, qazın qiymətləri isə 2022-ci ilin pik səviyyələrinə çatmır: "Bununla belə, əgər Fars körfəzi ölkələrindən gələn neft böyük ölçüdə bazardan kənarda qalarsa, qiymətlər bir barel üçün 180 ABŞ dollarına çata bilər. Uzunmüddətli perspektivdə neftin qiyməti təxminən bir barel üçün 100 ABŞ dollarına qədər ucuzlaşa bilər".

EBRD hesab edir ki, neft və qazın yüksək qiymətləri ixracatçı ölkələr üçün faydalıdır, lakin karbohidrogen idxalçılarına mənfi təsir göstərir. "Enerji daşıyıcılarının idxalçıları sayca ixracatçıları əhəmiyyətli dərəcədə üstələdiyinə görə, əgər neftin bir barelinin qiyməti uzun müddət 100 ABŞ dollarından yuxarı qalarsa və kimya məhsulları ilə metalların tədarük zəncirlərində ciddi pozuntular davam edərsə, qlobal artım ən azı 0,4 faiz bəndi azala, inflyasiya isə 1,5 faiz bəndindən çox arta bilər. Əgər enerji daşıyıcılarının qiymətləri yüksək olaraq qalarsa, EBRD iyun ayında növbəti proqnozlarını dərc edərkən onun əməliyyat regionları üzrə artım proqnozunun azalma istiqamətində yenidən baxılacağı ehtimal olunur", - bankın analitikləri qeyd edib.

Gübrə istehsalı üçün xammalın qlobal ticarətinin təxminən 25-35 %-i Hörmüz boğazından keçdiyi üçün gübrə qiymətləri də əhəmiyyətli dərəcədə arta bilər. Gübrə qiymətlərinin artması bir qayda olaraq əsas ərzaq mallarının qiymətlərinin yüksəlməsinə səbəb olur.

EBRD qeyd edib ki, artan geosiyasi qeyri-müəyyənlik enerji bazarlarının kövrəkliyini ortaya qoyduğundan, uzunmüddətli perspektivdə Yaxın Şərqdəki münaqişə enerji təhlükəsizliyinə diqqətin artmasına gətirib çıxara bilər.

Hesabatda vurğulanıb ki, EBRD-in fəaliyyət göstərdiyi ölkələrin əksəriyyəti üçün İranla birbaşa ticarət əlaqələri məhduddur. Bu cür ticarət əlaqələri Cənubi Qafqaz ölkələrinin, eləcə də Tacikistan və Türkmənistanın iqtisadiyyatları üçün daha böyük əhəmiyyət kəsb edir. Xüsusilə, Ermənistanın ümumi idxalının 3,7 %-i, Azərbaycanın 3 %-i, Gürcüstanın isə 1,7 %-i İranın payına düşür. İran istiqaməti Türkiyə üçün ən böyük əhəmiyyətə malikdir – bütün Türkiyə ixracının təxminən 1,2 %-ni təşkil edir.

Xəbər lenti