Heç bir rəqib qələbəni 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən daha çox istəyə bilməz.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Eyyubov açıqlama verib.
33 yaşlı mütəxəssis Portuqaliya seçməsinə qarşı keçirəcəkləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:
"Futbolçular mental olaraq qalibiyyətlərə hazır olmalıdırlar. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz. Fərqi yoxdur, Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa komanda ilə. Əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar".
R.Eyyudov çətinliklərlə üzləşdiklərini də söyləyib:
"Bizim üçün müəyyən çətin məqamlar var. Bəzi oyunçularımız Əvəzedicilər Liqasında, digərləri isə I Liqa və Premyer Liqada oynayırlar. Fiziki baxımdan necə balans tapaq ki, hamı eyni kondisiyada olsun? Ən böyük çətinlik budur. Fiziki olaraq bu oyuna tam hazırıq. İkinci məsələ taktika ilə bağlıdır. Bu barədə qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Yalnız mental məsələ qalır. Bu da futbolçuların özlərindən asılıdır. Daim futbolçulara deyirəm ki, özünüzə inanın, maksimum hədəflər qoyun. Sadəcə, sözlə yox, bunu əməllə meydanda göstərmək lazımdır".
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək.