İran səhiyyə nazirinin müavini Əli Cəfərian ABŞ və İsrailin zərbələri nəticəsində ölkədə ölənlərin sayının artaraq 1 937 nəfərə çatdığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "Al Jazeera"ya deyib.
Nazir müavininin sözlərinə görə, ölənlər arasında 240 qadın və 212 uşaq var.
Ə.Cəfərian vurğulayıb ki, təqribən 4 000 qadın və 1 621 uşaq da daxil olmaqla yaralıların ümumi sayı 24,8 min nəfəri ötüb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.