IMG-LOGO

Əraqçi BMT Baş katibi ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

27 Mar 2026 01:37 4 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında cümə axşamı telefon danışığı baş tutub.

"Report"un "Tasnim"ə istinadən məlumatına görə, telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

Əraqçi İranın milli təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qanuni müdafiə yolu ilə qorumaqda qətiyyətli olduğunu BMT Baş katibinin diqqətinə çatdırıb.

Hörmüz boğazındakı mövcud durum barədə A. Quterreşə məlumat verən İranın XİN başçısı bildirib ki,rəsmi Tehran bu su yolunda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün öz məsuliyyətlərini dərk edərək zəruri tədbirlər görüb.

Məlumata görə, BMT Baş katibi ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi ilə bağlı təşkilatın prinsipial mövqeyini vurğulayaraq regionda müharibənin və qırğınların davam etməsindən ciddi narahatlığını ifadə edib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər lenti