Hörmüz boğazında ticarət gəmilərini müşayiət etmək üçün xüsusi hərbi qrupların yaradılması uzunmüddətli həll yolu deyil və dəniz nəqliyyatı ilə daşımaların tam təhlükəsizliyinə zəmanət vermir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bəyan edib.
"Ticarət gəmilərini qorumaq üçün hərbi əməliyyat qrupu uzunmüddətli həll yolu ola bilməz. Çünki risklər tam aradan qalxmayacaq və gəmi pilotsuz uçuş aparatı və ya raketlə vurula bilər", - o deyib.
Baş katib hesab edir ki, gərginliyin azaldılması, sonra isə münaqişəyə son qoyulması dənizdə sərbəst hərəkətin bərpasının yeganə yoludur. O, həmçinin qeyd edib ki, hazırda boğazdan keçən gəmilərin hərəkət intensivliyi əvvəlki səviyyə ilə müqayisədə 15 %-dən aşağı düşərək sutkada 130-dan bir neçə vahidə qədər azalıb.