IMG-LOGO

Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən neft kəmərini tam gücü ilə işə salıb

29 Mar 2026 03:18 4 baxış
IMG

Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən "Şərq – Qərb" boru kəməri ilə neft nəqlini maksimum səviyyəyə, sutkada 7 milyon barrelə qədər artırıb.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, bu neft kəməri krallığın şərqindəki yataqları Qırmızı dəniz sahilindəki terminallarla birləşdirir və ABŞ ilə İsrailin fevralın 28-də başlayan hərbi əməliyyatından sonra İranın bağladığı Hörmüz boğazından yan keçməklə tədarükü həyata keçirməyə imkan verir.

Agentliyin məlumatına görə, boğaz bağlanana qədər bu marşrut vasitəsilə hər gün təxminən 15 milyon barrel neft nəql edilirdi.

"Bloomberg"in həmsöhbətləri bildiriblər ki, Hörmüz boğazı bağlandıqdan sonra tanker axınları Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu limanına istiqamətləndirilib. Hazırda bu liman vasitəsilə xam neft ixracının həcmi sutkada 5 milyon barrelə çatır.

Bununla yanaşı, mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanının ümumi ixrac həcmi sutkada 700-900 min barrel təşkil edir, boru kəməri ilə hər gün nəql edilən 7 milyon barrelin təxminən 2 milyonu isə Səudiyyə Ərəbistanın neft emalı zavodlarının daxili ehtiyaclarına yönəldilir.

"Kpler" analitik şirkətinin məlumatına görə, martın 1-dən 26-dək olan dövrdə Hörmüz boğazı vasitəsilə daşımaların həcmi 95% azalıb.

Qeyd edək ki, martın 25-də İran hakimiyyəti Çin, Rusiya, Hindistan, İraq və Pakistan da daxil olmaqla, dost dövlətlərin gəmilərinə dəniz dəhlizindən keçməyə icazə verildiyini elan edib. Daha sonra oxşar icazəni Malayziya da alıb.

Xəbər lenti