Ölkənin cənub sahilində, Fars körfəzi yaxınlığında yerləşən Bəndər-Xəmir rayonundakı (Hörmüzqan əyaləti) İranın Bəndər-Pol liman şəhərinin bombardman edilməsi nəticəsində azı beş nəfər həlak olub.
"Report" bu barədə yerli "Tasnim" agentliyinə istinadən xəbər verir.
Daxil olan məlumatlara görə, Bəndər-Pola endirilən zərbə nəticəsində beş nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Bundan başqa, zərbələr səbəbindən iki gəmi və bir avtomobilə ziyan dəyib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.