IMG-LOGO

Məhəmməd İshaq Dar: ABŞ-İran danışıqları yaxın günlərdə Pakistanda baş tuta bilər

29 Mar 2026 22:11 7 baxış
IMG

ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlar yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.

"Report"un məlumatına görə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bunu Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Pakistan tərəflər arasında əsaslı danışıqlar üçün platforma rolunu oynamağa hazırdır. "İki tərəf arasında məzmunlu danışıqlara ev sahibliyi etmək, mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün yaxın günlərdə onları asanlaşdırmaq Pakistan üçün şərəf olacaq", - Dar deyib.

O, həm İranın, həm də ABŞ-nin danışıqlara kömək məsələsində Pakistana inamını ifadə etdiklərini vurğulayıb.

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri münaqişənin həlli yollarını müzakirə ediblər. "Biz regionda müharibəyə mümkün qədər tez və birdəfəlik son qoymaq yollarını müzakirə etdik. Biz razılaşdıq ki, bu müharibə heç kimə faydalı deyil, yalnız itkilərə və dağıntılara səbəb olacaq", - Pakistanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti