Avstraliya hakimiyyəti Yaxın Şərqdəki münaqişə fonunda əlavə yanacaq tədarükünü təmin etmək üçün enerji təhlükəsizliyi qanunlarını dəyişdirmək niyyətindədir.
"Report"un məlumatına görə, bunu Baş nazir Entoni Albaneze açıqlayıb.
Onun sözlərinə görə, hökumət gecə-gündüz işləyir və yanacaq ehtiyatlarını tamamlamaq üçün təcili tədbirlər görməyi planlaşdırır.
"Biz dövlətə özəl şirkətlər tərəfindən yanacaq alışının zəmanətinə imkan verəcək yeni mexanizmlər yaradacağıq. Təchizatçıların daşıdığı riskləri kompensasiya edəcək", - o qeyd edib.
Bu məqsədlə hakimiyyət orqanları yanacaq alışına zəmanət verəcək agentliyin - "Export Finance Australia"nın səlahiyyətlərini genişləndirmək niyyətindədir.
Albaneze vurğulayıb ki, mövcud ehtiyatlar qısa müddətdə sabit qalır, lakin İranla bağlı uzunmüddətli münaqişə bazara təzyiqi artıra bilər.
"Bu müharibə nə qədər uzun davam etsə, nəticələr o qədər ciddi olacaq", - o deyib.
Parlamentin müvafiq düzəlişləri bu gün (30 mart - red.) nəzərdən keçirməsi gözlənilir.