Yeni Zelandiyanın maliyyə naziri Nikola Uillis Yaxın Şərqdəki uzunmüddətli münaqişə və qlobal təchizat zəncirlərindəki fasilələr fonunda inflyasiyanın kəskin artma ehtimalı barədə xəbərdarlıq edib.
"Report"un məlumatına görə, o bildirib ki, təchizatda ciddi pozuntularla müşayiət olunan daha uzunmüddətli münaqişə ssenarisində inflyasiya əvvəlki proqnozları xeyli üstələyə bilər.
"Bu il inflyasiyanın xeyli yüksələcəyi və hədəf diapazonundan kənarda qalacağı gözlənilir", - Uillis qeyd edib.
Son məlumatlara görə, dördüncü rübdə inflyasiya artıq 3,1 % təşkil edərək Mərkəzi Bankın 1-3 % səviyyəsindəki hədəf diapazonunu keçib. Enerji daşıyıcılarının bahalaşması fonunda bazarlar yaxın gələcəkdə pul-kredit siyasətinin sərtləşdiriləcəyini mümkün hesab edirlər.
Bununla belə, nazir konkret proqnoz göstəricilərini açıqlamayaraq xəzinədarlığın hələ yekun ssenarini müəyyənləşdirmədiyini vurğulayıb.