1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Sovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma torpaqlarından didərgin salmışlar:
"1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmamalıdır. Bu qanlı olaylar həm də Azərbaycanın yaşayış məntəqələrinin vandallara xas olan üsullarla dağıdılması, maddi mədəniyyət abidələrinin, məscid və qəbiristanlıqların yerlə-yeksan edilməsi kimi antibəşəri cinayətlər olaraq tarixin yaddaşına həkk edilməlidir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər".
O, qeyd edib ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən məqamları üzə çıxır: "Aparılan araşdırmalar nəticəsində təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin mənbələrin böyük hissəsi Sovet dövründə cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb.
Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib".
V.Rəhimzadə vurğulayıb ki, tarix faktlara əsaslanır, saxtakarlığı sevmir: "Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas hədəflərdən biri təbii ki, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması, tarximizin saxtalaşdırılmasına yol verilməməsi oldu. Ulu Öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayarkən ilk görüşünün məhz ziyalılarla olması da özündə mühüm çağırışları ehtiva etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində tariximizin hər bir səhifəsinin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması əsas prioritetlər sırasında oldu".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə 2018-ci ildə, Mart soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı:
"Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində burada kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımının qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına dair Sərəncam imzaladı".
V. Rəhimzadə vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərində qətiyyətlə verildi: "Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfər çaldı. Hazırda suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövləti informasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün qətiyyət nümayiş etdirir, səylərini artırır.
Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir".

