IMG-LOGO

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

31 Mar 2026 13:10 4 baxış
IMG

Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, patent idarəçiliyi və lisenziyalaşdırma mexanizmləri üzrə mövcud hüquqi və institusional çərçivənin uyğunluq və boşluqlar baxımından təhlili aparılacaq.

"Report" xəbər verir ki, bu istiqamətdə "Patent haqqında" qanunda dəyişikliklərin edilməsi ilə bağlı təhlillərin aparılması, zərurət yarandığı halda isə müvafiq qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.

Bu tədbirlərin sentyabra qədər icrası planlaşdırılır.

Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə də təhlillər aparılacaq və zərurət olduqda qanun layihəsi hazırlanacaq.

Bununla yanaşı, açıq elm və süni intellekt texnologiyalarının tətbiqi kontekstində risklərin, etik təsirlərin və ekoloji uyğunluğun beynəlxalq təcrübə əsasında ilkin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Həmçinin patentlə mühafizə olunan sənaye mülkiyyəti obyektlərindən elmi-tədqiqat məqsədilə istifadəyə dair istisnaların qanunvericilikdə müəyyən edilməsi planlaşdırılır.

Qeydiyyata alınmış əmtəə nişanından istifadə ilə bağlı hüquq sahibinin öhdəlik götürməsi tələbinin də qanunvericilikdə təsbit edilməsi nəzərdə tutulur.

Tədbirlərin icrasını Əqli Mülkiyyət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edəcək.

Xəbər lenti