2016-cı ilin Aprel döyüşləri Azərbaycan Respublikasının müasir hərbi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu hadisə yalnız lokal hərbi toqquşma deyil, eyni zamanda, uzun illər davam edən status-kvonun dəyişdirilməsi istiqamətində Azərbaycanın prinsipial mövqeyinin praktik müstəvidə nümayişi idi.
Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün həm siyasi, həm də hərbi baxımdan tam hazırdır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti, müasir texnologiyalara əsaslanan silahlanma və yüksək peşəkarlığa malik şəxsi heyət bu döyüşlərdə real nəticələrini verdi.
Qısa müddət ərzində əldə olunan hərbi uğurlar, o cümlədən Lələtəpə yüksəkliyinin azad edilməsi, əməliyyat-taktiki baxımdan ciddi üstünlük yaratdı və düşmənin uzun illər formalaşdırdığı müdafiə xəttinin sarsıdılmasının mümkünlüyünü sübut etdi. Bu, eyni zamanda, gələcək genişmiqyaslı əməliyyatların planlaşdırılması üçün mühüm hərbi-strateji baza rolunu oynadı.
Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri isə psixoloji və ideoloji müstəvidə özünü göstərdi. Azərbaycan cəmiyyəti və ordusu bu qələbə ilə öz gücünə inamını daha da möhkəmləndirdi. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması fonunda bu uğur xalqın ədalətli mövqeyinin yalnız siyasi deyil, həm də hərbi yollarla təmin oluna biləcəyini göstərdi.
Bu döyüşlər, eyni zamanda, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı qazanılmış möhtəşəm Zəfərin ideoloji və hərbi hazırlıq mərhələsi kimi çıxış etdi. 44 günlük Vətən müharibəsində əldə edilən nəticələr təsdiqlədi ki, Aprel döyüşlərində sınaqdan çıxarılan taktiki yanaşmalar, operativ idarəetmə modeli və döyüş ruhu sonrakı qələbənin əsas komponentlərindən biri olmuşdur.
Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı qəsəbəsinin bərpası və həyatın yenidən canlandırılması isə xüsusi rəmzi məna daşıyırdı. Bu hadisə sonradan dövlət səviyyəsində həyata keçirilən Böyük Qayıdış strategiyasının ilk praktik nümunəsi kimi tarixə düşdü.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan yalnız hərbi gücünü deyil, eyni zamanda, siyasi iradəsini və milli birliyini də səfərbər etməyi bacaran dövlətdir. Bu birlik və qətiyyət nəticə etibarilə ölkəmizi tarixi Zəfərə apardı.
Bu əlamətdar günün ildönümündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrində əbədi yaşayacaqdır.
Anar Eminov,
Mingəçevir Dövlət Universitetinin rektoru