IMG-LOGO

Azərbaycanda turizm sahibkarlarına beynəlxalq tədbirlər üçün subsidiya veriləcək

01 Apr 2026 13:55 5 baxış
IMG

Azərbaycanda səyahət və turizm sektorunda kapital qoyuluşunun intensivliyinin artırılması istiqamətində yeni mexanizmlər üzərində iş aparılır.

"Report"un əldə etdiyi məlumata görə, ölkənin turizm brendinin beynəlxalq səviyyədə daha effektiv təbliği məqsədilə sahibkarların beynəlxalq tədbirlərdə iştirakını dəstəkləyən subsidiya mexanizminin yaradılması nəzərdə tutulur.

Bu mexanizm vasitəsilə yerli turizm subyektlərinin xarici sərgi və forumlarda iştirak imkanlarının genişləndirilməsi planlaşdırılır.

Sözügedən təşəbbüsü Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Səyahət və turizm üzrə kapital qoyuluşunun intensivliyi göstəricisi sektorda hər bir işçiyə düşən investisiya həcmini əks etdirir. Bu göstəriciyə həm dövlət sektorunun (avadanlıqlar, torpaq sahələri, binalar, infrastruktur), həm də özəl sektorun (hotellər, konqres mərkəzləri, təyyarələr, taksilər və s.) investisiya xərcləri daxildir.

Gözlənilir ki, həyata keçiriləcək tədbirlər turizm sektoruna investisiya axınını artıracaq, xidmət keyfiyyətinin yüksəldilməsinə və Azərbaycanın beynəlxalq turizm bazarındakı mövqeyinin güclənməsinə töhfə verəcək.

Xəbər lenti