IMG-LOGO

Azərbaycanda aqrar sığorta potensialından niyə tam istifadə olunmur?

01 Apr 2026 13:33 4 baxış
IMG

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortalanması halları getdikcə artsa da, ölkədə aqrar sığorta potensialından hələ ki, tam istifadə olunmur.

Bu, "Report"un apardığı araşdırma nəticəsində məlum olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 4,8 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq, o cümlədən 1,7 milyon hektar əkin sahəsi var. Bunun da təxminən 0,4 milyon hektarı və yaxud 20-25 %-i sığortalıdır. Yəni, hər 4 hektar əkin sahəsindən 3-ü dolu, qasırğa, fırtına, leysan yağışı, sel-subasma, yanğın, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətlərindən sığorta edilməyib.

Bundan başqa, indi ölkədə 8,1 milyon baş ev heyvanı var. Bunun isə cəmi 7 min başı və yaxud təxminən 0,1 %-i sığortalıdır. Yəni, ölkədə hər 1 000 heyvandan 999-nun sığortası yoxdur. Bəs Azərbaycanda aqrar sığorta potensialından niyə tam istifadə olunmur?

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov hesab edir ki, mövcud vəziyyətin bir neçə fundamental səbəbi var: "Əsas səbəblər kimi maarifləndirmənin zəif, fermerlərin bu sahəyə marağının aşağı, dəymiş zərərin hesablanması prosedurlarının mürəkkəb olmasını demək olar. Müəyyən etmək çətindir ki, zərər gübrələrin və dərmanların düzgün verilməməsi, aqrotexniki qaydalara düzgün əməl olunmaması, yoxsa təbii fəlakət və yaxud iqlimlə bağlıdır. Taxılçılıq və pambıqçılıq bizdə ənənəvi sahə olduğundan, dəymiş zərəri müəyyən etməkdə təcrübə olduğundan, bu sahələrin sığortalanmasına ölkədə daha çox meyl var. Fermerlərin sığortaya marağının artırılması ümumilikdə aqrar sektora münasibətin əhəmiyyətli hissəsidir və bu, ciddi maarifləndirmə tələb edir. Gərək məhsuldarlıq da yüksək təmin olunsun ki, sığorta haqqı ödəməyə meyl olsun".

Onun sözlərinə görə, heyvandarlıqda da sığorta çox vacibdir, ancaq bu, cins damazlıqda xüsusilə əhəmiyyətlidir: "Sığorta tarifləri o qədər də yüksək deyil, ancaq məhsuldarlıq yüksək olmalıdır. Məsələn, heyvanlar birkalanmalı, qapalı şəraitdə saxlanmalı və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçotda olmalıdır. Bunlar yoxdursa, heyvanı sığortalamaq olmur".

X.Məmmədov ölkədə aqrar sığorta potensialından tam istifadə olunmamasını həm də ekspert çatışmazlığı ilə izah edir: "Hadisə baş verdikdə ekspert 24 saat ərzində baxış keçirib rəy verməlidir, lakin bəzi yerlərdə mütəxəssislər yox dərəcəsindədir. Bundan başqa, Aqrar Sığorta Fondunun tam gücü ilə işləməsi üçün aqrar sektorda müəyyən təşkilati işlər və başqa qurumlara aid olan məsələlər, təəssüf ki, hələ də tam həllini tapmayıb. Ona görə, sığortaolunan və sığortaedən tərəflərin şərtləri uzlaşmır".

Xəbər lenti