Texnologiya nəhəngi Google uzun müddətdir gözlənilən addımı ataraq Google Translate xidmətini yeni səviyyəyə yüksəldib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sistemə Gemini adlı böyük dil modeli inteqrasiya olunub. Bu yenilik sayəsində əvvəlki kimi sözbəsöz və bəzən süni səslənən tərcümələrdən imtina edilərək daha məna yönümlü və canlı dilə keçid edilib.
Artıq süni intellekt idiomları, slenq ifadələri və danışıq üslubunu daha dəqiq tanıyaraq yalnız sözləri deyil, fikrin mahiyyətini ötürə bilir.
Yeniləmə martın 26-dan etibarən mərhələli şəkildə istifadəyə verilib. Hazırda o, Apple iOS tətbiqindən istifadə edən cihaz sahibləri və xidmətin veb versiyasının istifadəçiləri üçün əlçatandır.
Hazırda yeni texnologiya ingilis dili və dünyanın ən geniş yayılmış təxminən 20 dili üçün aktivdir. Bu dillər arasında ispan, hind, çin, alman və yapon dilləri də yer alır.
Bununla yanaşı, yeniliklər yalnız mətn tərcüməsi ilə məhdudlaşmır. Google paralel olaraq real vaxt rejimində səs tərcüməsi funksiyasını da beta versiyada istifadəyə təqdim edib. Bu funksiya əsasən simsiz qulaqlıq istifadəçiləri üçün nəzərdə tutulub.
Şirkətin açıqlamasına görə, sistem artıq danışanın intonasiyasını, aksentini və fərdi danışıq ritmini qoruyaraq tərcüməni daha təbii və insanabənzər şəkildə təqdim edə bilir.
Bu funksiyadan istifadə etmək üçün istifadəçi sadəcə qulaqlığı qoşmalı, tətbiqi açmalı və Live Translate rejimini aktivləşdirməlidir. Hazırda bu imkan yalnız Android ekosisteminə məxsusdur. Lakin şirkət bildirir ki, bu məhdudiyyət müvəqqətidir və 2026-cı ilin sonlarına qədər iOS cihazları üçün də dəstək əlavə olunacaq.
Qeyd edək ki, tərcüməçi xidmətində aparılan bu yeniliklər Gemini çat-botunun funksionallığının genişləndirilməsi fonunda həyata keçirilir. Daha əvvəl məlum olmuşdu ki, süni intellekt artıq ChatGPT və digər platformalardan ixrac edilmiş yazışmaları analiz edə bilir ki, bu da Google-un universal rəqəmsal assistentlər sahəsində mövqeyini daha da gücləndirir.
texno GEMİNİ ChatGPT