IMG-LOGO

Elşad Quliyev: "Avropa çempionatında bəzi komandalar istirahət imkanı qazanacaqlar, biz isə dincəlməyəcəyik"

01 Apr 2026 17:01 5 baxış
IMG

Azərbaycanın minifutbol millisinin mayda təşkil olunacaq Avropa çempionatında dincəlmək imkanı olmayacaq.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev deyib.

O, qitə birinciliyində sıx qrafikdən narazılığını bildirib:

"Əslində, çox çətin oyun qrafikimiz var. Qrup oyunlarımız mayın 28, 29 və 30-da keçiriləcək. Üstəlik, qrupdan çıxsaq, fasilə verilmədən növbəti gün 1/8 final matçını keçirməliyik. Bu məsələni qaldırdıq, lakin bizə bildirdilər ki, ilk oyuna ayın 28-də çıxacağımız üçün təqvim belə qurulub. 2024-cü ildə də 6-cı, yəni F qrupuna düşmüşdük. Bəzi qruplarda isə komandalar ayın 27-si başlayıb, 30-u istirahət etmək imkanı qazanırlar, biz isə dincəlməyəcəyik. Yarışın ortasında bir gün istirahət etmək komandaya böyük kömək olardı. Buna baxmayaraq, qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. Buna uyğun hazırlaşmağa çalışacağıq. Bilirik ki, fasilə yoxdur. Amma hazırkı vəziyyətdə futbolçuların bərpasına daha çox diqqət yetirməli olacağıq. Hətta komandaya əlavə iki-üç həkim götürməyi planlaşdırırıq ki, bərpa prosesini sürətləndirək".

Təcrübəli mütəxəssis komandanın hazırlıq proqramı və nəzərdə tutulan beynəlxalq toplanışın detalları barədə məlumat verib:

"Hazırlıq planımızda dəyişiklik yoxdur, aprelin 6-da məşqlərə başlayırıq. Bakıda gündə iki dəfə olmaqla aprelin 20-nə qədər güc məşqləri keçəcəyik. Ayın 27-də isə Monteneqroya yollanırıq. Orada həm təlim-məşq toplanışımız olacaq, həm də beynəlxalq mini-turnirdə iştirak edəcəyik. Mayın 8-də Bakıya dönəcəyik və Avropa çempionatına qədər olan son 15 günü qapalı şəraitdə hazırlıqla tamamlayacağıq. Bakıdakı son mərhələdə yoldaşlıq görüşü keçirməyəcəyik, əsas diqqəti taktika, standart vəziyyətlər və sürət üzərində cəmləyəcəyik".

Elşad Quliyev Monteneqrodakı hazırlıq turnirində qarşılaşacaqları rəqiblərin adlarını açıqlayıb:

"Monteneqroda 6 komandalı turnir olacaq. Orada meydan sahibləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Bosniya və Herseqovina kimi komandalar iştirak edəcəklər. Turnir oyunlarından əlavə, bir və ya iki yoldaşlıq görüşü də keçirmək fikrindəyik. Həmişə olduğu kimi, başlanğıcda Monteneqro ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Turnirdən sonra isə daha bir görüş keçirməyi planlaşdırırıq. Ümumilikdə 6 oyun nəzərdə tutmuşuq ki, bu da bizim üçün kifayət qədər yaxşı sınaq olacaq".

Baş məşqçi sonda heyətlə bağlı məsələlərə toxunub:

"Heyətdə köklü dəyişiklik etməmişik, lakin bəzi yeni və geri dönən simalar var. Cəfər Cəfərovu yenidən heyətə cəlb etmişik. Həmçinin "Aznur"dan Tural Məmmədrzayev, "Sumqayıt"dan gənc qapıçı Elcan Sarıyev, eləcə də İsa Atayev və Ruslan Ağalarov komandaya dəvət alıblar. Millimiz əsasən "Birbaşa Bakı", "Zirə", "Aznur" və "Sumqayıt" klublarının oyunçularından təşkil olunub. Demək olar ki, heyəti müəyyənləşdirmişik. Ona görə də minifutbol üzrə Azərbaycan çempionatının son oyunlarının seçimimə çox təsir edəcəyini düşünmürəm. Bəzi futbolçularda yüngül zədələr olsa da, inanıram ki, aprelin 6-na kimi hamı hazır olub komandaya qoşulacaq".

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq. Azərbaycan yığması F qrupunda Avstriya, İtaliya və Fransa ilə mübarizə aparacaq.

Xəbər lenti