IMG-LOGO

"Qalatasaray"ın sabiq kapitanı Bülənt Korkmaz: "Kaş ki, Azərbaycan millisi də dünya çempionatına qatıla biləydi"

02 Apr 2026 13:33 4 baxış
IMG

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq kapitanı Bülənt Korkmaz Azərbaycan yığmasının da dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını istəyir.

Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.

Daha əvvəl Azərbaycanda, "Bakı" klubunda çalışmış məşqçi Türkiyə millisinin hazırkı potensialını dəyərləndirib:

"Ölkə olaraq çox xoşbəxtik. Hazırda Türkiyənin çox yaxşı futbolçu nəsli var. Bu heyət həm gənc, həm də kifayət qədər təcrübəlidir. Bu nəsil Avropa çempionatında da oynadı. Avropanın üst səviyyəli liqalarında çıxış edən çox keyfiyyətli futbolçularımız var və hesab edirəm ki, onlar bu uğura layiq idilər. Kaş ki, Azərbaycan millisi də dünya çempionatına qatıla biləydi".

Sabiq müdafiəçi hazırkı heyəti 2002-ci ildəki komanda ilə müqayisə edib:

"2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında üçüncü yeri tutan komandanın həm oyunçusu, həm də kapitanı idim. İndiki heyəti tarixin ən güclüsü adlandırmaq üçün onlar mütləq dünya çempionatında eyni uğuru təkrarlamalıdırlar. Buna baxmayaraq, potensial çox yüksəkdir. Həmin nəticəni qazana bilsələr, o zaman müqayisə aparmaq olar".

B.Korkmaz qrupdakı rəqiblər və komandanın şansları barədə sualı da cavablandırıb:

"Maçlara hələ çox vaxt var. Rəqibləri təhlil etmədən indidən qəti bir söz demək çətindir. Çünki son oyunlarını izləməmişəm və onlar barədə fikrim yoxdur. Amma hər zaman şansımız var".

Qeyd edək ki, Türkiyə yığması DÇ-2026-da yer aldığı D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq. Mundial iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

Xəbər lenti