IMG-LOGO

AZAL pilot hazırlığına uzunmüddətli investisiya edən aparıcı aviaşirkətlərdən biridir

02 Apr 2026 13:14 4 baxış
IMG

Azərbaycan Hava Yolları (AZAL) üçün əsas prioritetlər uçuş təhlükəsizliyinin təmin edilməsi, əməliyyat dayanıqlılığının gücləndirilməsi, yerli pilotların peşəkarlıq səviyyəsinin artırılması və donanmanın mərhələli qaydada modernləşdirilməsidir.

Bunu AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəhbəri Fərid Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına əsasən, 2032-ci ilədək hava donanmasında təyyarələrin sayının 50-dən çox olması hədəflənir. Həmçinin qeyd olunub ki, cari ildə donanmanın 8 yeni təyyarə ilə genişləndirilməsi nəzərdə tutulur və növbəti illərdə bu artım dinamik şəkildə davam edəcək.

"Donanmanın davamlı genişləndirilməsi isə öz növbəsində pilot heyətinin sistemli qaydada hazırlanmasına zərurət yaradır. Bu məqsədlə yerli pilotların beynəlxalq standartlara uyğun hazırlanması və ixtisaslarının artırılması proqramları həyata keçirilir. 2024-cü ildə təsis edilən və ötən ildən etibarən fəaliyyətə başlayan, Qəbələ Beynəlxalq Aeroportunda yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzinə Milli Aviasiya Akademiyasının məzunları uçuş təlimlərində iştirak etmək üçün növbəli şəkildə cəlb olunurlar. Hazırda 25 pilot sözügedən təlim proqramlarında iştirak edir", - F. Pənahov vurğulayıb.

Mərkəzin rəhbəri qeyd edib ki, şirkətin sürətli inkişafını nəzərə alaraq, məzunların bir qismi xarici təlim mərkəzlərinə ezam olunur: "Belə ki, Milli Aviasiya Akademiyasını bitirmiş 65 pilot hazırda Türkiyədə beynəlxalq təlim proqramlarına cəlb olunub və onların 2026-cı ilin sonunadək ölkəyə qayıdaraq peşə fəaliyyətinə başlamaları planlaşdırılır".

Bununla yanaşı, akademiyanın daha 35 məzununun 2026-cı ilin aprel ayında təlim məqsədilə İspaniyaya göndərilməsi nəzərdə tutulur. Xaricdə keçirilən təlim proqramlarını uğurla başa vuran məzunlar müvafiq tip üzrə pilot ixtisasını təsdiq edən "type rating" vəsiqəsini əldə edirlər. Təlim proqramları nəzəri hazırlıq, trenajor məşqləri, imtahan mərhələləri və praktik uçuşları əhatə edir. Pilotların hazırlığı ilə bağlı bütün xərclər şirkət tərəfindən qarşılanır.

"AZAL pilot hazırlığına uzunmüddətli investisiya edən aparıcı aviaşirkətlərdən biridir. Biz həm akademiya məzunlarını yetişdirir, həm də donanmanın fasiləsiz istismarını təmin etmək məqsədilə əməliyyat tələblərinə uyğun olaraq xarici pilotların cəlbini həyata keçiririk", – deyə F. Pənahov qeyd edib.

Hazırda AZAL-ın ümumi pilot heyətinin 15 %-ni təşkil edən xarici pilotlar yerli pilotlarla birlikdə çalışaraq təcrübə mübadiləsinə və peşəkar bacarıqların daha sürətli inkişafına töhfə verirlər.

F. Pənahov onu da bildirib ki, yerli pilotların beynəlxalq standartlara uyğun hazırlanması şirkətin əsas strateji istiqamətlərindən biridir: "Peşəkar pilot heyətinin formalaşdırılması və donanmanın müasirləşdirilməsi paralel şəkildə həyata keçirilir. Gənc pilotların təcrübəli kapitanlarla birgə çalışması onların bacarıqlarının inkişafına əlavə imkanlar yaradır".

Mərkəzin rəhbəri qeyd edib ki, hər bir təyyarənin tam heyətlə istismarı üçün 10-12 pilot tələb olunur: "Bu isə donanmanın genişlənməsi nəticəsində pilot sayının artırılmasını zəruri edir. Hazırda 280-ə yaxın olan pilot heyətinin sayının 2032-ci ilədək ən azı 2 dəfə artırılması nəzərdə tutulur. Bunu nəzərə alaraq, uçuşların fasiləsiz icrasını təmin etmək üçün yerli pilotların sayının artırılması və paralel olaraq xarici pilotların cəlb edilməsi zəruridir".

Xəbər lenti