IMG-LOGO

Nərd üzrə "Asiya Qran Pri 2026" turnirinin qalibi Kənan Həsənzadə dünya çempionatını hədəfləyir

02 Apr 2026 16:01 3 baxış
IMG

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə "Asiya Qran Pri 2026" beynəlxalq turnirinin qalibi olan Kənan Həsənzadə daha böyük rəqabət mühitində özünü sınamağı planlaşdırır.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının üzvü bu barədə "Report"a açıqlamasında bildirib.

O, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışla bağlı fikirlərini bölüşüb:

"Backgammon" (Blitz) kateqoriyasında 256 iştirakçı arasında birinci oldum. "Backgammon Blitz" - sürətli və dinamik "backgammon" versiyasıdır. Klassik oyunun qaydaları üzərində qurulsa da, daha qısa müddətdə oynanması üçün dizayn edilib. Bu formatda oyunçular daha az vaxtda qərar verməli olur, bu isə həm strateji düşüncəni, həm də refleksləri ön plana çıxarır. Ən maraqlı tərəfi odur ki, sürət faktoru oyuna əlavə gərginlik və həyəcan qatır. Hər gedişin dəyəri artır, səhvlər isə daha tez görünür. Bu, həm yeni başlayanlar üçün öyrədici, həm də təcrübəli oyunçular üçün əsl sınaq meydanıdır".

K.Həsənzadə ilk növbədə mövcud bacarıqlarını daha da təkmilləşdirmək, sürətli qərarvermə və strateji düşüncəni gücləndirmək istədiyini vurğulayıb:

"Bununla yanaşı, beynəlxalq turnirlərdə iştirak edib, daha böyük rəqabət mühitində özümü sınamaq planım var. Milli komanda qurmaq və İngiltərədə keçiriləcək dünya çempionatında iştirak etmək mənim üçün ən böyük hədəflərdən biridir. Bu, həm ölkəmizi beynəlxalq arenada təmsil etmək, həm də idmançılarımızın bacarıqlarını dünyaya göstərmək üçün unikal fürsətdir. Belə bir məqsəd həm məsuliyyət, həm də motivasiya yaradır. Bu yolda əsas hədəfim yalnız iştirak etmək deyil, həm də layiqli nəticə qazanaraq Azərbaycanın adını yüksəltməkdir. Belə böyük hədəfləri reallaşdırmaq üçün dəstək vacibdir. Milli komanda yaratmaq və dünya çempionatında iştirak etmək təkcə fərdi təşəbbüslə mümkün deyil. Bunun üçün maliyyə, infrastruktur, məşqçilərin və federasiyanın koordinasiyası lazımdır. Dövlətin verdiyi dəstək həm idmançıların hazırlığını gücləndirir, həm də beynəlxalq arenada ölkənin nüfuzunu artırır".

Xəbər lenti