İtaliya millisinin sabiq yarımmüdafiəçisi Alessandro Del Pyero yığmanın uğursuz çıxışına sərt münasibət bildirib.
"Report" xəbər verir ki, veteran futbolçu sabiq yığmasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsini tənqid edərək komandanın hazırkı durumunu kəskin ifadələrlə dəyərləndirib.
"İtaliya artıq dünya futbolunun gülüş obyektinə çevrilib. Ardıcıl üç mundialı buraxmaq bağışlanmazdır. Belə nüfuzlu komanda necə ola bilər ki, bu cür turnirləri qaçırsın? Dördqat dünya çempionları artıq uzun illərdir ki, əvvəlki səviyyədə deyil. Əvvəllər dünya səviyyəli oyunçularımız var idi, indi isə daha çox orta səviyyəli futbolçular görürük", – deyə o bildirib.
Qeyd edək ki, bu gün Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Həmçinin Canluici Buffon da milli komandanın nümayəndə heyətinin rəhbəri postundan ayrılıb.
İtaliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında rəqib daha dəqiq olaraq qələbə qazanıb.
Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb. Komanda sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib.