Yaponiya Azərbaycan bələdiyyələri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində, o cümlədən tərəfdaşlıq əlaqələrinin və tələbə mübadiləsinin inkişaf etdirilməsində maraqlıdır.
"Report" Yaponiyanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, səfir Katsuya Vatanabe martın sonlarında Yaponiyanın İto şəhərinə səfər edib və orada mer Kadzuya Suqimoto ilə görüş keçirib.
"Görüş zamanı İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Yaponiya bələdiyyələri arasındakı münasibətlər müzakirə olunub", - məlumatda bildirilib.
Səfir həmçinin regionlar arasında tələbə mübadiləsi proqramlarının, o cümlədən tələbələrin onları qəbul edən ailələrdə yerləşdirilməsi təşəbbüslərinin bərpasını dəstəkləməyə hazır olduğunu bildirib.
Qeyd olunub ki, İto və İsmayıllı 2013-cü ildən qardaşlaşmış şəhərlərdir. Bu müddət ərzində bir sıra uğurlu birgə layihələr, o cümlədən tələbə mübadiləsi proqramları həyata keçirilib.
Bildirilib ki, bu cür əməkdaşlıq Azərbaycan və Yaponiya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verir.