IMG-LOGO

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaq

03 Apr 2026 15:39 4 baxış
IMG

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Çin Banklar Assosiasiyası" (CBA) gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması istiqamətində ilkin razılıq əldə edib.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndə heyəti Çinə səfəri çərçivəsində CBA rəhbərliyi və müvafiq struktur bölmələrinin rəsmi nümayəndələri ilə işgüzar görüşdə iştirak edib.

Görüşdə bank assosiasiyalarının fəaliyyəti, mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin hər iki ölkənin maliyyə sektorundakı mövcud vəziyyət və inkişaf meyilləri barədə təqdimatlar keçirilib. Bu müzakirələr kontekstində Azərbaycan maliyyə sisteminin Dünya Bankının 2025-ci il üzrə hesabatına əsasən "maliyyə xidmətləri" kateqoriyasında dünya üzrə birinci yerdə qərarlaşdığı xüsusi qeyd olunub və bu yüksək nəticənin əldə edilməsində ölkədəki tənzimləyici çərçivənin rolu vurğulanıb.

CBA-nın sədr müavini Yin Youxiang və baş katib Xu Jieqin Çin bank sektorunun makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi və qurumun strateji hədəfləri barədə məlumat veriblər. ABA prezidenti Zakir Nuriyev Assosiasiyanın missiyası, bank sektorunda həyata keçirilən əsas təşəbbüslər və Azərbaycan–Çin əməkdaşlığının genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb. Həmçinin icraçı direktor Yunus Abdulov ABA-nın təşkilati strukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri, baş iqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakı makroiqtisadi vəziyyət və bank islahatları haqqında məruzə ediblər. Çin tərəfdən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunan innovativ həllər və yeniliklər barədə təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirələrlə davam edən görüşdə tərəflər bank sektorunda təcrübə mübadiləsi və potensial birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndiriblər.

Xəbər lenti