IMG-LOGO

Deputat: Bakıda tarixi binanın eybəcər hala salınması məyusluq doğuran vandalizm aktıdır

03 Apr 2026 17:52 5 baxış
IMG

Nizami Kino Mərkəzinin divarlarının korlanması, müdaxilələrə məruz qalması, tarixi binanın eybəcər hala salınması məyusluq doğuran vandalizm aktıdır.

Bu fikirləri "Report"a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova deyib.

O xatırladıb ki, uzun illər erməni vandallığından əziyyət çəkən bir xalq kimi tarixi abidələrin təhqir, yerlə-yeksan edilməsindən hər zaman ürək ağrısı ilə danışılıb:

"İndi isə şəhərin mərkəzində bu cür halların yaşanması ürək ağrısı ilə qarşılanır. Qraffiti adlandırılan bu əməllər Amerikada, Avropada geniş yayılıb. Amma Bakı, həm üslubuna, həm də estetik memarlığına, arxitekturasına görə qraffitiyə aidiyyatı olmayan şəhərdir. Çünki özünün təmiz, nəfis bir ruhu, estetik üslubu var. Hətta paytaxtın üslubu o qədər diqqət çəkicidir ki, 100 il əvvəl burada Türkoloji Qurultay keçirilib. Belə bir vacib tədbir üçün Bakını ona görə seçmişdilər ki, estetik baxımından Şərq və Qərb memarlığını özündə nəfis şəkildə əks etdirirdi.

O zaman şəhərə gələn qonaqların Bakının müxtəlif yerlərini gəzməsi, Şirvanşahlar sarayında, İçərişəhərdə, Atəşgah məbədində olması, "Opera və Balet" teatrında "Leyli və Məcnun" operasına baxması, şəhərin gözəlliyinin əcnəbilərə çatdırılması baxımından önəmli idi. Türkoloji Qurultayla bağlı gündəlik yazan alman alimi qeyd edib ki, "Opera və Balet" teatrında "Leyli və Məcnun" operasına baxıblar. O yazıb: "Teatrın binası o qədər gözəl idi ki, nəfis arxitekturası uzun müddət mənim yaddaşımdan silinməyəcək". Biz bu cür mənəvi ucalıqda qərar tutan şəhərimizi mənfi təsirlərdən mütləq qorumalıyıq".

Deputatın fikrincə, xüsusilə gənclər arasında bu məsələlərlə əlaqədar maarifləndirmənin gücləndirilməsi çox vacibdir:

"Bundan əlavə, hesab edirəm ki, hər kəsin daxilində bir etalon, meyar olmalıdır. Hər şeyi qanunlarla tənzimləmək də məqsədəuyğun deyil. İnsanlarda mənəvi məsuliyyət yaradılmalıdır. Bu, ailə tərbiyəsindən başlayaraq, məktəbdə formalaşan zövqdən, can yanğısından, sənətə, tarixi abidəyə sevgidən qaynaqlanmalıdır. Məktəbliləri tarixi abidələrə, teatrlara tez-tez aparmalı, tamaşalara baxmağa, mədəniyyətimizə sevgi və hörmət aşılamağa çalışmalıyıq.

Ümumilikdə, qeyd etdiyim kimi, dövlət tərəfindən mühafizə olunan tarixi binaya qarşı vandalizmi qəti şəkildə pisləyirəm və düşünürəm ki, gənclər arasında mədəni maarifçiliyin təbliği baxımından hələ çox işləməliyik".

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxsl tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xəbər lenti