IMG-LOGO

Şəhərin gözəlliyini məhv etmək yaradıcılıq deyil - RƏY

03 Apr 2026 17:43 4 baxış
IMG

Nizami Kino Mərkəzinin binasının fasadına bir qrup şəxs tərəfindən cızma-qara edilməsi, müxtəlif söz və ifadələrin yazılması mədəni-tarixi əhəmiyyətli binaya qarşı törədilmiş vandalizm aktıdır.

Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, Nizami Kino Mərkəzi yalnız kino mədəniyyətinin inkişafında rolu ilə deyil, həm də Bakının tarixi memarlıq mənzərəsinin ayrılmaz hissəsi kimi böyük əhəmiyyətə malikdir.

"Dövlət tərəfindən mühafizə olunan bu abidələrin qorunması həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikasının qanunvericiliyinin tələbidir".

Deputat bildirib ki, Bakının gözəlliyi və təmizliyi ən böyük sərvətdir:

"Son illərdə aparılan genişmiqyaslı abadlaşdırma, təmizlik və bərpa işləri şəhərimizi dünya miqyasında təmiz və gözəl paytaxtlardan birinə çevirib. Tarixi binaların divarlarını lazımsız yazılarla bulamaq, şəhərin nüfuzuna birbaşa zərbədir. Müasir gənclik texnologiya və yaradıcılıq üçün saysız-hesabsız imkanlara malikdir. Ancaq başqasının əməyini, şəhərin gözəlliyini məhv etmək heç bir yaradıcılıq deyil. Bu, sadəcə dağıdıcılıqdır. Gənclərimizin kreativ potensiallarını ictimai və mədəni layihələrdə, innovativ təşəbbüslərdə nümayiş etdirməsi daha səmərəlidir".

S.Salmanova bu kimi halların olmaması üçün valideynlərə çağırış edib:

"Övladlarının davranışına ciddi nəzarət etmək, onlara vətənpərvərlik, ictimai mülkiyyətə hörmət, estetik zövq və məsuliyyət hissi aşılamaq hər bir ailənin vəzifəsidir. Uşaqların küçədə və ictimai məkanda nə etdiyini bilmək valideyn məsuliyyətidir. Cəmiyyət olaraq unutmamalıyıq ki, mədəniyyət və tarixi irsimiz hər birimizin birgə sərvətidir. Tarixi abidələr, onların fasadları və şəhər mühiti yalnız estetik dəyərə malik deyil, həm də gələcək nəsillərə ötürüləcək mənəvi mirası təşkil edir. Biz vətəndaş kimi hər bir addımımızla bu irsi qorumağa borcluyuq. Gəlin mədəniyyətimizə, tarixi irsimizə və şəhərimizin gözəlliyinə birlikdə sahib çıxaq. Vandallığa yox, mədəniyyətə "bəli" deyək! Tarixi binalara və ictimai mülkiyyətə hörmət göstərmək isə həm vətənpərvərlikdir, həm də şəhərimizin beynəlxalq nüfuzunu qorumağın əsas yoludur".

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xəbər lenti