IMG-LOGO

Quruda yaşayan ən yaşlı heyvan - Qadın adını daşısa da, erkəkdir

04 Apr 2026 16:25 3 baxış
IMG
0 0

Hazırkı rekordçu hesab olunan Conatan adlı tısbağanın öldüyü barədə yayılan şayiələrdən sonra Seyşel tısbağası Esmeraldanın planetin ən yaşlı quru canlısı ola biləcəyi ehtimalı irəli sürülüb.

Lent.az xəbər verir ki, 193 yaşlı tısbağanın öldüyü ilə bağlı xəbər aprelin 1-də onun baytarının adından X sosial şəbəkəsində yayılan saxta paylaşım nəticəsində ortaya çıxıb.

BBC və USA Today kimi nüfuzlu beynəlxalq media qurumları hətta nekroloqlar hazırlamağa da macal tapıblar. Lakin Müqəddəs Yelena adasının qubernatoru Naycel Fillips heyvanın öldüyü ilə bağlı məlumatı təkzib edib. Bu hadisə sonradan Conatanın Vikipediya səhifəsində ayrıca qeyd olunub.

Digər tısbağa, Esmeraldanın yaşı isə təxminən 170 ilə 200 il arasında ola bilər. Bu isə Conatanın birinciliyini şübhə altına alır.

Lakin Esmeraldanın yaşını təsdiqləyən rəsmi sənədlər yoxdur. Conatanın yaşı isə 1882-ci ilə aid bir foto ilə sübut olunur: həmin şəkildə o artıq yetkin fərd kimi görünür. Məhz bu fakt onu rəsmi olaraq ən yaşlı quru heyvanı edir.

Buna baxmayaraq, Esmeraldanın başqa bir mühüm nailiyyəti var. 1980-ci illərdə o, “Ginnesin Rekordlar Kitabı”na sərbəst yaşayan ən ağır tısbağa kimi düşüb: çəkisi təxminən 298 kiloqram olub. 2002-ci ildə aparılan son ölçmədə isə çəkisi 363 kiloqrama çatıb.

Esmeralda Bird adasında yaşayır və maraqlıdır ki, qadın adı daşısa da, əslində erkək tısbağadır.

ən yaşlı heyvan heyvanlar aləmi ən qoca tısbağa

Xəbər lenti