IMG-LOGO

Səssiz ÖLÜM MƏNBƏYİ: bu gizli təhlükəyə qalib gəlməyin YOLLARI

04 Apr 2026 16:44 3 baxış
IMG
4 0

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2005-ci ilin dekabrında qəbul etdiyi qərara əsasən bu gün, yəni 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. 

Münaqişələrdən zərər çəkmiş Qarabağda və Şərqi Zəngəzurda minaların geniş şəkildə yerləşdirilməsi uzunmüddətdir ciddi təhlükə yaradır. Xüsusilə keçmiş təmas xətti boyunca yerləşən ərazilər yüksək çirklənmə səviyyəsi ilə seçilsə də, təhlükə yalnız bu zonalarla məhdudlaşmır. Əkin sahələri, bağlar, məzarlıqlar və digər mülki təyinatlı ərazilər də minalanıb. 

Təhlükəsizlik eksperti Orxan Musayev Lent.az-a açıqlamasında bildirib ki, minalarla mübarizədə təhlükəsizlik məsələsində dövlətlə yanaşı vətəndaşların da məsuliyyəti vacibdir:

“4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibətilə təhlükəsizlik eksperti olaraq insanları ayıq-sayıq olmağa çağırıram. Ölkəmizin işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən biridir. Bu problem sadəcə hərbi deyil, həm də genişmiqyaslı humanitar böhrandır. Minalar səssiz ölüm mənbəyidir, müharibə bitsə də, onlar torpağın altında illərlə gizlənərək quruculuq işlərinə, kənd təsərrüfatına və ən əsası insanların normal həyatına ciddi təhlükə törədir. .

Təhlükəsizlik baxımından yadda saxlamalıyıq ki, mina və partlamamış sursatlar həmişə gözlənilən formada olmur. Onlar paslanmış dəmir parçası, plastik qutu və ya adi məişət əşyası görünüşündə qarşısınıza çıxa bilər. Ona görə də ərazidə tanımadığımız, bizə aid olmayan heç bir əşyaya toxunmamalı, tərpətməməli və zərbə yetirməməliyik.

Azad olunmuş torpaqlarda hərəkət edəndə yalnız asfaltanmış yollarda və mütəxəssislər tərəfindən yoxlanılmış təhlükəsiz keçidlərdən istifadə edilməlidir. Yol kənarında yerləşən kolluqlara və dağıdılmış tikililərə girməmək həyati əhəmiyyət kəsb edir. Qırmızı rəngli mina nişanları, xüsusi xəbərdarlıq lentləri və ya şübhəli görünən hər hansısa işarə sizin xəbərdarlıq hesab olunur. Bu göstəriş və xəbərdarlıqlara əməl olunmalıdır ki, bədbəxt hadisələrdən qaçınmaq mümkün olsun. Şübhəli bir cisim tapdıqda dərhal gəldiyiniz izlərlə geri çəkilməli və vaxt itirmədən müvafiq dövlət qurumlarına məlumat verməlisiniz.

Dövlətimiz tərəfindən aparılan genişmiqyaslı təmizləmə əməliyyatları ilə yanaşı bizim fərdi məsuliyyətimiz və diqqətimiz bu gizli təhlükəyə qalib gəlməyin və təhlükələrdən qorunmağın yeganə yoludur”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bu ilin 4 aprel tarixinədək 259 mina partlayışı nəticəsində 72 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.

Mina təhlükəsizliyi Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü

Xəbər lenti