IMG-LOGO

Yazda düzgün qidalanmaq üçün dietoloqların TÖVSİYƏLƏRİ

05 Apr 2026 11:46 3 baxış
IMG
21 0

Yaz gələndə bir çox insan özünü daha enerjili hiss etməli olduğu halda, əksinə, yorğunluq, apatiya və davamlı yuxulu hiss ilə yaşayır. Bu hal çox vaxt avitaminozla əlaqələndirilir, lakin mütəxəssislər bildirir ki, problem əslində daha fərqlidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, orqanizmdə vitaminlərin kritik çatışmazlığı (avitaminoz) nadir hallarda rast gəlinir. Daha çox rast gəlinən hal hipovitaminoz, yəni vitaminlərin qismən çatışmazlığıdır.

Əsas problem isə qış rejimindən yaz rejiminə keçidin çətin getməsidir. Orqanizm hələ uyğunlaşmayıb, biz isə ondan yüksək enerji və aktivlik tələb edirik.

Mütəxəssislər xəbərdarlıq edir ki, vitaminləri nəzarətsiz qəbul etmək təhlükəli ola bilər. Xüsusilə A, D və E kimi yağda həll olunan vitaminlərin artıq dozası böyrəklərə və damarlara zərər verə bilər. Ən düzgün yol qidalanmanı dəyişməkdir.

Yaz üçün düzgün qidalanma necə olmalıdır? 1. Tərəvəzlərə üstünlük verin

Qışın ağır yeməklərini (yağlı ət, qalın şorbalar) azaltmaq lazımdır. Onların yerinə ispanaq, cəfəri, keşniş kimi tünd yaşıl yarpaqlı tərəvəzlər tutmalıdır. Onlar orqanizmi mikroelementlərlə zənginləşdirir.

2. Yaşıl soğan və cücərtilər

Yaşıl soğan dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir. Bu təsiri artırmaq üçün cücərdilmiş buğda, qarabaşaq əlavə etmək tövsiyə olunur. Onlar B qrupu vitaminləri ilə zəngindir və əsəb sistemini dəstəkləyir.

3. Qoz-fındıq və paxlalılar

Keçən ilin saxlanmış almalarından çox fayda gözləmək olmaz. Bunun əvəzinə qoz-fındıq, paxlalılar, daha çox C və E vitamini, həmçinin keyfiyyətli zülal mənbəyidir.

4. Dəniz məhsulları

Kalmar, midiya və yağlı balıqlar:

- yod

- omeqa-3

ilə zəngindir və damar sağlamlığını qoruyur.

5. Turşu kələm

Maraqlı faktdır ki, turşu kələmdə C vitamini limondan daha çox ola bilər. Bu, immunitet üçün əla seçimdir.

6. Əti tam kəsməyin

Xüsusilə yazın əvvəlində toyuq, hinduşka kimi ətlər vacib amin turşuları və B vitaminləri təmin edir.

7. Karbohidratları düzgün seçin

Kartof və makaronu bir qədər azaltmaq məsləhətdir. Onların yerinə qarabaşaq, kinoa, bulqur daha stabil enerji verir.

Qidalanma rejimi də vacibdir

Gündə 4-5 kiçik porsiya yemək daha faydalıdır. Bu, qaraciyərin yükünü azaldır, enerjini gün boyu stabil saxlayır

Ədviyyatlar və həyat tərzi

Zəncəfil, zərdəçal və kardamon maddələr mübadiləsini sürətləndirir. Günəşli səhərlər daha tez oyanmaq serotoninin artmasına kömək edir, açıq havada gəzinti və keyfiyyətli yuxu vacibdir.

Yaz yorğunluğu ciddi xəstəlik deyil, orqanizmin mövsümi uyğunlaşma prosesidir. Əsas məsələ bədəni zorlamamaq, düzgün qidalanmaq və həyat tərzini tədricən dəyişməkdir.

dieta dietoloq qidalanma sağlam qidalanma

Xəbər lenti